Azərbaycan-İtaliya strateji tərəfdaşlığı: Prezidentlərin bəyanatı

Sentyabrın 30-da Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçılarının bəyanatında qeyd olunub ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksək səviyyədə inkişaf edir və tərəflər artıq əsl strateji tərəfdaş statusuna malikdirlər. Prezident İlham Əliyev xatırladıb ki, cənab Mattarella Azərbaycana ikinci dəfədir rəsmi səfər edir. Birinci səfərdən 7 il ötüb və bugünkü səfər də ikitərəfli əlaqələrin dinamik inkişafının göstəricisidir. Dövlət başçısı vurğulayıb ki, ölkələrimiz arasında 2015-ci ildə ilk Strateji tərəfdaşlıq sənədi, 2018-ci ildə isə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və hər il ticarət dövriyyəsi artır. Xüsusilə enerji sahəsində mühüm layihələr həyata keçirilib. Azərbaycan nefti və qazı İtaliyaya ixrac edilməklə həm ikitərəfli əməkdaşlığa, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verilib.

Dövlət başçısı vurğulayıb ki, 2020-ci ildən etibarən TAP layihəsi vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur. Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib ki, vaxtilə layihənin icrasında problemlər yaranarkən Prezident Mattarellanın şəxsi müdaxiləsi sayəsində bu məsələlər həllini tapıb və TAP uğurla reallaşdırılıb. Hazırda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri ilə ixrac edilən qazın coğrafi əhatəsinə görə dünyada birinci yeri tutur. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisi ixracı üzrə əməkdaşlıq edir. Hazırda elektrik xətlərinin çəkilişi ilə bağlı texniki-iqtisadi əsaslandırma üzərində iş aparılır. Bu layihə Xəzər dənizinin dibi ilə Orta Asiyadan Azərbaycana, buradan isə Avropaya elektrik ötürülməsini nəzərdə tutur.

Prezident İlham Əliyev bəyanatında bildirib ki, ölkələrimiz arasında sənaye və enerji sahəsindəki uğurlu əməkdaşlıq humanitar sferaya da yol açıb. Bu istiqamətdə ən mühüm addımlardan biri İtaliya-Azərbaycan Universitetinin yaradılmasıdır. Universitet Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya səfəri zamanı irəli sürdüyü təşəbbüs əsasında yaradılıb. Layihə çərçivəsində ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri arasında əməkdaşlıq sazişləri imzalanıb. Hazırda universitetdə 8 bakalavr və 2 magistr proqramı üzrə 640 tələbə təhsil alır. Tədris proqramları memarlıq, mühəndislik, kənd təsərrüfatı texnologiyaları, qida texnologiyaları, dizayn, şəhərsalma və idarəetmə ixtisaslarını əhatə edir. İtaliyanın qabaqcıl təhsil təcrübəsi əsasında qurulan bu ali məktəb həm iki ölkə arasında elm və təhsil əlaqələrinin güclənməsinə, həm də yeni nəsil azərbaycanlı və italyan gənclərin qarşılıqlı əlaqələrinə mühüm töhfə verəcək.

Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqı-Azərbaycan əlaqələrinin də son dövrlərdə müsbət inkişaf meyli nümayiş etdirdiyini vurğulayıb. Qeyd edib ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə dəstək verib və bu dəstək hazırda da hiss olunur.