Azərbaycan İtaliya münasibətləri uğurla inkişaf edir

Mayın 4-də Bakıda Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlığın inkişafına yönəlmiş mühüm görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorgia Meloni ilə görüşdən sonra mətbuata bəyanatla çıxış edib. Çıxışı zamanı dövlətimizin başçısı bildirib ki, Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş kimi sıx əməkdaşlıq edirlər. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr iki ölkə arasında münasibətlərin əsasını təşkil edir və bu sənədlərdə əks olunan müddəalar bu gün real əməkdaşlıq müstəvisində uğurla həyata keçirilir. Prezident İlham Əliyev İtaliya Baş nazirinin Ermənistandakı səfərindən sonra Azərbaycana gəlməsini xüsusi rəmzi məna daşıyan addım kimi qiymətləndirib və bunu ölkəmizə göstərilən hörmətin bariz nümunəsi adlandırıb. Qeyd olunub ki, Azərbaycan–İtaliya siyasi əlaqələri yüksək səviyyədə inkişaf edir və qarşılıqlı etimada əsaslanır. Eyni zamanda, iqtisadi sahədə əməkdaşlıq da dinamik xarakter daşıyır. İtaliya hazırda Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 12 milyard ABŞ dolları təşkil etdiyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyev vurğulayıb ki, energetika sahəsi tərəfdaşlığımızın əsas istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir İtaliyanın etibarlı enerji təchizatçısıdır. Ölkəmiz İtaliyanın neft və qaz təchizatında aparıcı yerlərdən birini tutur. 2025-ci ildə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönəldilib. Həmçinin qeyd olunub ki, qaz təchizatının artırılması imkanları da müzakirə edilir. Bu məqsədlə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələrin, xüsusilə də Trans-Adriatik Boru Kəməri (TAP)-ın genişləndirilməsi zəruri hesab olunur. Ölkəmizin başçısı bildirilib ki, artıq bu istiqamətdə müəyyən addımlar atılsa da, prosesin davam etdirilməsi vacibdir.

Görüş zamanı əməkdaşlığın yeni istiqamətləri də müzakirə olunub. Hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri yüksək qiymətləndirilib. Cənab Prezident qeyd etdi ki, bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb. İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur.

Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi və qeyd etdi ki, hazırda 130-a yaxın İtaliya şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında İtaliya şirkətləri tərəfindən 23 layihənin həyata keçirildiyi və bu sahədə İtaliyanın aparıcı mövqedə olduğu vurğulanıb.

Təhsil sahəsində əməkdaşlıq da diqqət çəkən istiqamətlərdən biridir. Qeyd olunub ki, ötən il Bakıda İtaliya–Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Artıq bu ali təhsil müəssisəsində 500-dən çox tələbə təhsil alır. Bildirilib ki, bu universitet iki ölkə arasında humanitar əlaqələrin möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcək.

Sonda Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.