Qardaşlıq və mehriban qonşuluq əlaqələrinə malik Azərbaycan və İran arasında mövcud olan hazırkı münasibətlər tarixi bağlılığa, zəngin mədəni irsə, dərin köklərə əsaslanır. Bu gün iki ölkə arasındakı isti münasibətlər sadəcə diplomatik əlaqələrlə məhdudlaşmır, həmçinin dini, mədəni, siyasi, iqtisadi sahədə də davam etdirilir. Hazırda ölkələrimiz arasında var olan əlaqələr möhkəm təməllər üzərində qurulub. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra İran İslam Respublikası 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkələrdən olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. İranın 1969-cu ildə Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. İranın Naxçıvan şəhərində Baş Konsulluğu 1992-ci ilin mart ayından, Azərbaycan Respublikasının isə Təbriz şəhərində Baş Konsulluğu 20 oktyabr 2004-cü ildən fəaliyyət göstərir.
Azərbaycan Respublikası İran İslam Respublikası ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına daima önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana rəsmi səfəri və ölkəmizin başçısı İlham Əliyevlə keçirilən görüş, Azərbaycan-İran münasibətlərində yeni, daha parlaq bir səhifənin açıldığını göstərir. Qeyd etmək lazımdır ki, imzalanan əməkdaşlıq sənədləri və qarşılıqlı bəyanatlar, ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Bu görüş, həmçinin, regionda sülh, sabitlik və inkişafın təmin olunmasına xidmət edən bir təşəbbüs kimi də qiymətləndirilə bilər. Səfər zamanı iki ölkə Prezidentlərinin görüşündən sonra mətbuata birgə bəyanatla çıxış edən cənab İlham Əliyev bildirdi ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. İstər BMT ol sun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.
Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq. Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.
Öz növbəsində İran Prezidenti Məsud Pezeşkian bəyanatında qeyd edib ki, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz buna hörmətlə yanaşırıq”. Cənab Prezident vurğulayıb ki, Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin gücləndirilməsinə yönəlib. Pezeşkianın yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyini bildirib.