Azərbaycan-Gürcüstan münasibətləri daha da genişlənir

Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkənin müstəqillik əldə etməsindən sonra daima yüksək səviyyədə olub. Qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr siyasi, iqtisadi, mədəni və digər sahələrin inkişafına təkan verib. Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu günkü əlaqələrin təməlini təşkil edir desək yanılmarıq. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı olub. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu fəaliyyətə başlayıb. Bu gün ölkələrimizi hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və.s qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Artıq Azərbaycanla Gürcüstan arasındakı münasibətlər mükəmməl hüquqi bazaya malikdir və Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Xatırladaq ki, 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.

İki ölkə arasında münasibətlərə nəzər salarkən, yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu xüsusilə vurğulamaq lazımdır. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır.

Dost ölkənin Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığın və dostluğun bariz nümunəsinin təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, “Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik”.

Gürcüstan Prezidentinin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyev mətbuata bir sıra açıqlamar vermişdir. Cənab İlham Əliyev qeyd etmişdir ki, “Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.

Cənab Prezident çıxışında bildirdi ki, “Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. Bu gün Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Həmçinin Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər”.

Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.