Azadlığın mübarək Ağdam!
Özü kimi taleyi ağ olmayan Ağdam. Müharibələr, şəhidlər, on minlərlə qaçqın sakini, 30 ilə yaxın əsirlik həyatı və.s. Nələr görmədi ki, Pənahəli xanın imarəti. Erməni vandalizminin baş qaldırdığı 90-cı illərdə dağıntılara, işgəncəyə məruz qalan və 1993-cü il 23 iyulda ərazisinin 73%-i işğal olunan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Adının etimalogiyasına görə “kiçik qala” mənasını verən, 138 yaşayış məntəqəsini özündə birləşdirən Ağdam şəhəri əhalisinin sayına görə bir zamanlar işğal altında olan ən böyük yaşayış mərkəzi idi.
Ağdam rayonu Birinci və İkinci Qarabağ müharibələri zamanı 6 mindən artıq şəhid vermiş, minlərlə sakini fiziki sağlamlığını itirmiş, əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın digər bölgələrində məskunlaşmışdır. Hadisələrin şiddətlə cərəyan etdiyi ərəfədə, 1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan bir həftə sonra, 29 iyulda BMT-nin Təhlükəsizlik Şurası “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması”nı tələb edən 853 saylı qətnamə qəbul etmişdir. Həmçinin ATƏT-in Minsk qrupu adından da bu hücum qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən işğalçı qoşunların çıxarılmasına çağırış edilmişdir. Lakin bu tələblər 30 ilə yaxın kağız üzərində qalmış, Ermənistan tərəfi verilən qərarlara tabe olmamışdır. Beynəlxalq birlik isə qəsdən bütün bunlara göz yummuşdur. İşğal, vandalizm, barbarlıq davam etmişdir. Ta ki, 2020-ci ilin 27 sentyabrınadək. Həmin tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun başlatadığı zəfər yürüşü 44 gün ərzində 30 illik həsrətə son qoydu. Ordumuz Ermənistanın silahlı qüvvələrini darmadağın etməklə, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı. Azərbaycan əsgərinin əzmi, iradəsi düşməni təslim olmağa vadar etdi və ağ bayraq qaldıran Ermənistan rəhbərliyi döyüşlərin təcili dayandırılması üçün yalvarmağa başladı. Hər zaman humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirən Ali Baş Komandan İlham Əliyev düşmənin yalvarışlarına biganə qalmayaraq ordusuna dur əmri verərək, xalqımızın böyüklüyünü bir daha dünyaya nümayiş etdirdi. Bununla da işğal olunmuş torpaqlarımızın bir hissəsi qan tökülmdən azad olundu. 1993-cü il iyul ayının 23-dən işğal altında olan “Qafqazın Xirosiması” - Ağdam şəhəri də məhz siyasi güc hesabına, bir güllə belə atılmadan azadlığına qovuşan rayonlarımızdan oldu.
Uzun illər beynəlxalq qanunların tətbiq ediləcəyinə yüksək səbrlə ümid edən Azərbaycan 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti hücumuna əks-hücumla cavab verərək, həm beynəlxalq qanunları şəxsən özü icra etdi, həm də düşmənə layiq olduğu yeri göstərdi. Bəli, 2020-ci ilin 20 noyabrından Ağdam şəhəri azaddır. Həm də hərbi deyil, siyasi yolla. Qarabağın bəy otağı sayılan Ağdam şəhəri Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yüksək iradəsi və zəkası hesabına bir güllə belə atılmadan öz azadlığına qovuşdu. Artıq Ağdamda Azərbaycanın Şanlı bayrağı qürurla dalğalanır. Ruhlar şəhəri olan Ağdamda geniş qruculuq işləri aparılır, şəhərin köhnə ab-havası müasir üslubda özünə qaytarılır.