9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

Ümummilli Lider Heydər Əliyev 

Hər bir xalqın tarixində onun milli kimliyini, dövlətçilik ənənələrini və müstəqillik arzularını özündə yaşadan müqəddəs rəmzlər vardır. Azərbaycan xalqı üçün belə rəmzlərin ən ucası, ən əzizi üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərin ahəngindən yaranan bu bayraq xalqımızın azadlıq istəyinin, milli birliyinin, tarixi yaddaşının və müstəqil dövlətçilik iradəsinin təcəssümüdür. Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü isə bu müqəddəs rəmzə olan ehtiramımızı, dövlətimizə və Vətənimizə bağlılığımızı bir daha ifadə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmiş, Əmək Məcəlləsinə edilmiş müvafiq dəyişikliklə bu gün qeyri-iş günü olan bayramlar sırasına daxil edilmişdir. Bu qərar dövlətçilik tariximizin mühüm səhifələrindən birinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə sıx bağlıdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən üçrəngli bayraq ilk dəfə dövlət rəmzi kimi Bakıda hökumət binası üzərində ucaldılmışdır. Bu bayraq 1920-ci ilin aprel ayınadək müstəqil Azərbaycanın rəmzi olmuş, xalqımızın azadlıq və istiqlal mübarizəsinin nişanəsinə çevrilmişdir.

Bayrağımızın rəngləri milli istiqlal ideologiyamızın üç əsas prinsipini – türkçülüyü, müasirliyi və islamçılığı ifadə edir. Görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin irəli sürdüyü bu ideoloji düstur xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını, müasir dünyaya inteqrasiya istəyini və ümumbəşəri ideallara sadiqliyini özündə birləşdirir. Məhz buna görə üçrəngli bayrağımız yalnız dövlət atributu deyil, həm də xalqımızın milli düşüncəsinin və mənəvi dünyasının ifadəsidir.

Bayrağımızın yenidən dövlətçilik tariximizə qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri misilsizdir. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edilmişdir. Həmin sessiyada Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə də qərar verilmiş, Azərbaycanın milli dövlətçilik atributlarının bərpası istiqamətində mühüm addımlar atılmışdır. Bu qərar təkcə Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın müstəqillik tarixində dönüş nöqtələrindən biri olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatəti əsasında 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul etmiş və üçrəngli bayrağımız yenidən dövlət bayrağı statusu qazanmışdır. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan öz dövlət rəmzlərini də bərpa etmişdir. Ümummilli Lider Heydər Əliyev bu tarixi qərarın əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” Bu çağırış bayrağa münasibətin yalnız rəsmi mərasimlərlə məhdudlaşmadığını, onun hər bir azərbaycanlının qəlbində yaşamalı olduğunu göstərir.

Azərbaycan Respublikasının Dövlət Bayrağının təsviri Konstitusiyanın 23-cü maddəsi və 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə müəyyən edilir. Bayraq eni bərabər olan üç üfüqi zolaqdan ibarətdir: yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Bayrağın hər bir rəngi və elementi özünəməxsus məna daşıyaraq milli dövlətçilik ideallarımızı tamamlayır.

Dövlət Bayrağına hörmət hər bir Azərbaycan vətəndaşının konstitusion borcudur. Konstitusiyanın 75-ci maddəsində hər bir vətəndaşın dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməli olduğu təsbit edilmişdir. Dövlət bayrağının istifadəsi qaydaları isə 2004-cü il 8 iyun tarixli Qanunla tənzimlənir. Bu rəmzə ehtiram göstərmək, onu qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi məsuliyyətidir.

Dövlət Bayrağının ucalığına verilən dəyərin bariz nümunələrindən biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə əsası qoyulan meydanın açılışı 2010-cu il sentyabrın 1-də keçirilmişdir. Burada yaradılan Dövlət Bayrağı Muzeyi Azərbaycanın zəngin dövlətçilik tarixini, müxtəlif tarixi dövrlərdə mövcud olmuş dövlətlərin və xanlıqların bayraqlarını, milli rəmzlərimizin keçdiyi inkişaf yolunu nümayiş etdirir.

2024-cü il noyabrın 8-də yenidən qurulmuş Dövlət Bayrağı Meydanının açılışı zamanı Prezident İlham Əliyev Azərbaycan Bayrağını ucaltdı. Meydanın yeni görkəmi ilə yanaşı, muzeydə yaradılan “Zəfər qalereyası” da xüsusi əhəmiyyət daşıyır. Burada Vətən müharibəsində qazanılmış tarixi Qələbəni, işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağımızın ucaldılmasını əks etdirən fotolar nümayiş olunur. Beləliklə, meydan və muzey milli yaddaşımızın, dövlətçilik tariximizin və Zəfər salnaməmizin mühüm məkanlarından birinə çevrilmişdir.

Bu gün üçrəngli bayrağımızın ən uca zirvələrdə, işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımızın ən böyük qürur mənbəyidir. Uzun illər həsrətlə gözlədiyimiz bu tarixi günə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti, xalqımızın sarsılmaz birliyi sayəsində nail olunmuşdur. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yol açılmış, üçrəngli bayrağımız doğma torpaqlarımızda yenidən ucaldılmışdır.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı Dövlət Bayrağımızın ucaldılması hər dəfə tarixi hadisəyə çevrilmişdir. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər yaşayış məntəqələrimizdə dalğalanan bayrağımız dövlət suverenliyimizin və milli iradəmizin təntənəsidir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam bərpa olunması ilə üçrəngli bayrağımızın hər qarış torpağımızda dalğalanması təmin edilmişdir.

Ulu Öndər Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” çağırışı bu gün də hər bir azərbaycanlı üçün mənəvi vəzifədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir.” Bu fikirlər bayrağımızın xalqımızın həyatında tutduğu əvəzsiz yeri, onun milli həmrəyliyin və azərbaycançılıq məfkurəsinin əsas rəmzlərindən biri olduğunu aydın ifadə edir.