4 oktyabr – Cəbrayıl şəhəri günü

Azərbaycan Respublikasının tarixi qələbələri sırasına daxil olmuş 4 oktyabr günü dövlətimizin müasir tarixində xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Cəbrayıl şəhəri günü elan edilən bu tarix, həm işğal illərində yaşanmış faciələri, həm də müstəqillik tariximizin ən parlaq səhifəsi olan zəfərimizi özündə əks etdirir.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi və 92 kəndi tamamilə dağıdılmış, tarixi-mədəni abidələr məhv edilmişdir. 1050 kvadrat kilometr ərazisi və 52 min nəfər əhalisi olan rayon Ermənistan silahlı birləşmələrinin vandalizminə məruz qalmış, nəticədə 13,9 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Rayonun 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 150-dən çox mədəniyyət ocağı, 132 tarixi abidəsi dağıdılmış, eləcə də tarixi Xudafərin körpüləri, “Sultan Məcid” hamamı, qədim türbələr və digər arxeoloji-memarlıq nümunələri yerlə-yeksan edilmişdir.

Cəbrayıl rayonunun 52 min nəfər sakini respublikanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Rayonun igid övladlarından 362 nəfər şəhidlik zirvəsinə ucalmış, 191 nəfər müxtəlif dərəcəli əlillik almışdır. 6 nəfər cəbrayıllı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. 2020-ci il 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Nəticədə ümumilikdə 1 şəhər və 90 kənd yenidən Azərbaycanın suverenliyi altına qaytarıldı. Xüsusi strateji əhəmiyyətə malik Cəbrayıl əməliyyatında qazanılan qələbə sonrakı döyüşlərdə Xocavəndin cənub kəndlərinin, Hadrut qəsəbəsinin, Zəngilan və Qubadlının azad olunmasına geniş imkan yaratdı. Respublikasının Prezidentinin 2020-ci il noyabrın 26-da imzaladığı Sərəncamla “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilmiş və bu əməliyyatlarda igidlik göstərmiş 22 mindən çox hərbi qulluqçu təltif olunmuşdur.

Cəbrayıl şəhərinin işğaldan azad olunması ilə rayonun sosial-iqtisadi inkişafı istiqamətində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Qısa müddətdə şəhərinin 2040-cı ilədək Baş planı təsdiqlənmişdir. Baş plana əsasən şəhərdə 15 min nəfərin yaşaması, müasir yaşayış binalarının, məktəblərin, səhiyyə müəssisələrinin, sosial obyektlərin tikintisi nəzərdə tutulur. Artıq Cəbrayıl rayonunda 2856 nəfər daimi yaşayış üçün öz doğma yurduna qayıtmışdır. 2024-cü ildə istifadəyə verilmiş Cəbrayıl yaşayış kompleksi isə sakinlərə yüksək şəraitli mənzillərlə təmin olunmaq imkanı yaratmışdır.

Cəbrayıl şəhərinə işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin bir neçə dəfə səfərləri olmuş, təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Dövlət başçısının iştirakı ilə elektrik yarımstansiyası, sənaye parkı, məktəblər, yaşayış kompleksləri, yol layihələri və digər sosial infrastruktur obyektləri istifadəyə verilmişdir.

4 oktyabr – Cəbrayıl şəhəri günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik!