25 oktyabr – Qybadlı Şəhəri Günü

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev

25 oktyabr Azərbaycan tarixinin şanlı səhifələrindən biri, milli qürur və qalibiyyət rəmzidir. Bu gün xalqımız Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümünü qeyd edir, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətini bir daha dərindən dərk edir.

Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu özünəməxsus təbiəti, zəngin təbii sərvətləri, münbit torpaqları və qədim yaşayış məskənləri ilə seçilir. Ərazisi 802 kvadratkilometr olan rayon qərbdən Ermənistanla, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Həkəri və Bərgüşad çayları, onların qolları, dağlıq relyefi, meşələri və geniş düzənlikləri Qubadlının təbii mənzərəsinə xüsusi gözəllik verir.

1988-ci ildən etibarən Ermənistanla və keçmiş Dağlıq Qarabağ bölgəsi ilə sərhəddə yerləşən Qubadlı rayonu hərbi təcavüzə məruz qaldı. Dinc əhaliyə qarşı törədilən hücumlar, təhlükəsizliyin pozulması və davamlı təzyiqlər bölgədə vəziyyəti getdikcə ağırlaşdırdı. 1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal Qubadlı sakinlərinin həyatında sağalmaz izlər buraxdı. Doğma evlərindən didərgin düşən minlərlə insan Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldu. Rayonun tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə, sosial və iqtisadi infrastrukturuna ciddi ziyan dəydi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına başladı. Döyüş meydanında nümayiş etdirilən igidlik, yüksək döyüş hazırlığı və peşəkarlıq qısa müddətdə hərbi əməliyyatların gedişində mühüm dəyişikliklərə səbəb oldu.

Qubadlının azad edilməsi əməliyyatı xüsusi çətinliyi ilə seçilirdi. Şəhər ətrafındakı yüksəkliklərdə möhkəmlənmiş düşmən qüvvələri Azərbaycan hərbçilərinin irəliləməsinə mane olmağa çalışırdı. Buna görə də ilk növbədə strateji yüksəkliklərin və şəhərə yaxın ərazilərin nəzarətə götürülməsi vacib idi. Azərbaycan Ordusu mürəkkəb relyef və ağır döyüş şəraitində qarşıya qoyulan vəzifələri ardıcıl şəkildə yerinə yetirdi. Xanlıq, Padar və Sarıyataq istiqamətində, eləcə də digər strateji mövqelərdə aparılan əməliyyatlar Qubadlının azad edilməsində mühüm rol oynadı. Hərbi qulluqçularımızın cəsarəti, koordinasiyalı fəaliyyəti və fədakarlığı nəticəsində şəhərə aparan yol açıldı. Nəhayət, 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Bu xəbər bütün Azərbaycanda böyük sevinc və qürur hissi ilə qarşılandı. Qubadlının azad olunması Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu, Azərbaycanın qələbəsini daha da yaxınlaşdırdı. Şəhərin azadlığı həm hərbi-strateji, həm də mənəvi-siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı.

Azərbaycan Ordusunun uğurlu əməliyyatları noyabrın 9-dək davam etdi. Nəticədə Qubadlı şəhəri ilə yanaşı, rayonun 41 kəndi də azad edildi. Beləliklə, uzun illər işğal altında qalan doğma torpaqlara qayıdışın qarşısında yeni üfüqlər açıldı.

Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 min 209 hərbi qulluqçusu müvafiq sərəncamlarla bu medalla təltif olundu. Bu təltiflər yalnız hərbi xidmətin qiymətləndirilməsi deyil, həm də gələcək nəsillərə ünvanlanan qəhrəmanlıq salnaməsidir. Qubadlı uğrunda döyüşən hər bir əsgər və zabitin fədakarlığı xalqımızın yaddaşında yaşayır. Onların qanı və canı bahasına azad edilən torpaqlarda bu gün quruculuq işlərinin aparılması Zəfərin ən mühüm nəticələrindəndir.

Qubadlı şəhəri gününün təsis edilməsi də tarixi hadisələrin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmiş, 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunmuşdur. Bu qərar xalqımızın yaddaşında əbədi yaşayacaq Qubadlı Zəfərinin hər il ehtiram və qürurla qeyd edilməsinə hüquqi əsas yaratmışdır. Qubadlının azadlığı ilə rayonun həyatında yeni mərhələ başladı. İndi burada əsas məqsəd dağıdılmış infrastrukturun bərpası, müasir yaşayış mühitinin yaradılması, iqtisadi potensialın hərəkətə gətirilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri Qubadlının gələcək inkişafının möhkəm təməlini formalaşdırır.

2025-ci il sentyabrın 9-da Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi şəhərin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm addımdır. Baş plan Qubadlının müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını, yaşayış, sosial və mühəndis-kommunikasiya infrastrukturunun inkişafını nəzərdə tutan uzunmüddətli yol xəritəsidi. İşğaldan əvvəl əhalisinin sayı 38 mindən çox olan Qubadlıda gələcəkdə 47 mindən artıq insanın məskunlaşması proqnozlaşdırılır. Bu perspektiv şəhərin enerji təminatından tutmuş nəqliyyat, yaşayış və sosial xidmətlərədək bütün sahələrdə müasir həllərin tətbiqini zəruri edir. Qubadlının dirçəlişi yalnız şəhər mərkəzi ilə məhdudlaşmır. Rayonun kəndlərində də genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qubadlı şəhərindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar sahədə 190 evin tikintisi aparılır və ilkin mərhələdə 836 sakinin məskunlaşdırılması nəzərdə tutulur.

Bu gün Qubadlıda həyata keçirilən layihələr tarixi ədalətin bərpasının real nəticələrini nümayiş etdirir. Yeni yollar, elektrik infrastrukturu, yaşayış binaları, kəndlərin yenidən qurulması və şəhərin Baş planının təsdiqi rayonun gələcək inkişafına hesablanmış ardıcıl tədbirlərdir. Qubadlının dirçəlişi, eyni zamanda, ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi və regionların tarazlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Zəngin təbii sərvətlərə, münbit torpaqlara və əlverişli coğrafi mövqeyə malik rayonun gələcəkdə kənd təsərrüfatı, emal sənayesi, xidmət və digər iqtisadi sahələr üzrə inkişafı üçün geniş imkanlar mövcuddur.

25 oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında yalnız keçmişin qəhrəmanlıq salnaməsi kimi deyil, həm də gələcəyə inamın təntənəsi kimi yaşayır. Bu gün biz Qubadlının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin fədakarlığını minnətdarlıqla xatırlayır, Azərbaycan Ordusunun qəhrəmanlığı ilə fəxr edirik.