2 Fevral – Azərbaycan Gəncləri Günü

Ölkəmizdə gənc nəslə dövlət səviyyəsində hər zaman böyük etimad, diqqət və qayğı göstərilib. Bunun bariz nümunəsidir ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1997-ci ildən 2 fevral Azərbaycan Gəncləri günü qeyd olunur. Azərbaycan gənclərinin cəmiyyətdəki rolunu artırmaq, onların inkişafına dəstək vermək və problemlərinə diqqət çəkmək məqsədilə təsis olunan bu bayram dövlət tərəfindən gənclərə göstərilən diqqəti bir daha sübut edir.

Təqdirə layiq haldır ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub, 1999-cu ildə isə BMT-nın qərarı ilə avqustun 12-si dünyada Ümumdünya Gənclər Günü elan edilmişdir.   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində gəncliyin sağlamlığı, təhsili, bilik və peşəkarlığının artırılması, onların sosial problemlərinin həlli istiqamətinə geniş yer veri. Məhz 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan olunması, 2011-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiq edilməsi, Gənclər Fondunun yaradılması və.s bu sahəyə göstərilən diqqətin əyani sübutudur.  

2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar respubublikamızın hər yerində olduğu kimi rayonumuzda da müxtəlif formatlı tədbirlər keçirilir. Culfa Rayon Mədəniyyət Sarayında bu gün keçirilən tədbirdə  rayonun elm, mədəniyyət, təhsil, idman və ictimai həyatında fərqlənənlər, həmçinin idarə, təşkilat və müəssisələrin gənc əməkdaşları iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elçin Məmmədəliyev çıxışında qeyd edib ki, “Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, ümummilli liderimiz 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ölkəmizdə ilk dəfə Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu gün gənclərə, gələcək nəslin hərtərəfli inkişafına çox böyük önəm verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclərin sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi  həmin işlərin bir hissəsidir”.

Tədbirdə çıxış edən Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədr müavini Cəlal Həsənli, Culfa Rayon Mədəniyyət Şöbəsində fəaliyyət göstərən Gənclər Birliyinin sədri Emil Vəliyev qeyd ediblər ki, bu gün rayonumuzun  gəncləri Culfa rayonunun ictimai -mədəni həyatında fəal iştirak edirlər və həmçinin elm, təhsil, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin fəaliyyəti daima ön plana çəkilir.

Sonda, rayonda fərqlənən gənclərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunmuşdur.

Tədbir bəddi hissə ilə yekunlaşmışdır.