18 oktyabr – Müstəqilliyin Bərpası Günü

Xalqımızın müstəqillik arzusu hələ 1918-ci ildə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə gerçəkləşmişdi. 28 may 1918-ci ildə imzalanan İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı dünyaya azad dövlət kimi tanıdıldı. Qısa müddət ərzində dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, parlament və hökumət yaradıldı, dövlət atributları təsis olundu. Həmin dövrdə qəbul edilən qərarlar və qanunlar müstəqil Azərbaycanın təməlinə çevrildi.

Lakin 1920-ci ildə Cümhuriyyətin Sovet Rusiyası tərəfindən işğalından sonra xalqımız azadlıq arzusunu yenidən ürəyində yaşatdı. Bu arzu 70 ildən sonra – 1991-ci ildə bir daha gerçəkləşdi. 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdi. Həmin gün Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə, xalqın uzun illər həsrətində olduğu müstəqillik arzularını gerçəkləşdirdi. Sovet İttifaqının çökməkdə olduğu dövrdə atılan bu addım xalqımızın milli iradəsinin ifadəsi oldu.

Respublikamızın müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) tanıdı. 2 mart 1992-ci ildə isə Azərbaycan müstəqil dövlət kimi Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edildi.

Müstəqilliyin ilk illəri böyük sınaqlarla dolu idi. Ölkədə baş verən xaos, hakimiyyət davası, Ermənistanın ölkəmizə qarşı başlatdığı elan olunmamış müharibə, iqtisadi çətinliklər və vətəndaş qarşıdurmaları müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Elə həmin dövrdə, xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan üçün dönüm nöqtəsi oldu. Onun qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycan sabitliyə qovuşdu, milli dövlətçilik möhkəmləndi və ölkə inkişaf yoluna çıxdı.   

Müstəqilliyimizin bərpasından sonrakı illərdə ölkəmiz sürətlə inkişaf etdi, dünya miqyasında tanındı, bölgənin lider dövlətinə çevrildi. Bu gün 18 oktyabr – Müstəqilliyin Bərpası Günü dünya azərbaycanlıların qürurla qeyd etdiyi, keçmişə ehtiram, gələcəyə inam günüdür.

2021-ci ildə qəbul edilən qanuna əsasən 28 may tarixi Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi təsdiq olundu. Bu qərar dövlətçiliyimizin tarixi ardıcıllığını, milli müstəqillik ideyasının zamanla necə möhkəmləndiyini əks etdirir.