17 Oktyabr – Füzulinin azadlıq salnaməsi

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində qəhrəmanlıq, mübarizə və əzmkarlıq rəmzinə çevrilmiş şəhərlərimizdən biri də Füzulidir. Qarabağın dilbər guşələrindən olan bu qədim diyarın adı xalqımızın yaddaşında həm tarixi-mədəni irsi, həm də Vətən müharibəsində nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqla yaşayır. 17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin şanlı səhifələrini, milli birliyin gücünü və işğaldan azad edilmiş torpaqlarımızda başlanan yeni həyatın təntənəsini özündə ehtiva edir.

Füzulinin tarixi keçmişi xalqımızın zəngin mədəni irsi ilə sıx bağlıdır. Yaşayış məskəni kimi əsası XIX əsrdə qoyulmuş şəhər uzun illər Qarabulaq, sonralar isə Qaryagin adı ilə tanınmışdır. 1930-cu ildə Qaryagin rayonu yaradılmış, 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Beləliklə, şəhər öz adında Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələrindən birinin xatirəsini yaşatmaqla milli-mənəvi dəyərlərimizin qorunmasına da töhfə vermişdir.

Füzulinin müasir tarixi Azərbaycan xalqının üzləşdiyi ağır sınaqlarla, torpaq həsrəti və azadlıq mübarizəsi ilə sıx bağlıdır. 1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində minlərlə insan doğma yurd-yuvasını tərk etməyə məcbur olmuş, yaşayış evləri, sosial obyektlər və infrastruktur dağıdılmış, rayonun tarixi-mədəni irsinə ciddi ziyan vurulmuşdur.

Füzuli uğrunda mübarizədə rayon sakinləri böyük itkilər vermişlər. Müharibə nəticəsində 663 nəfər şəhid olmuş, 400 nəfərə yaxın insan müharibə əlili olmuş, 181 nəfər isə əsir və itkin düşmüşdür. Bu rəqəmlərin hər biri bir ailənin ağrısı, bir ömrün yarımçıq qalan arzusu, bir xalqın yaddaşına həkk olunmuş faciədir. Bununla belə, Füzuli sakinlərinin doğma torpağa bağlılığı və azadlıq əzmi heç vaxt sarsılmamışdır.

1994-cü il yanvarın 5-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu hadisə Füzulinin azadlığı uğrunda mübarizənin mühüm mərhələsi olmaqla yanaşı, xalqımızın torpaqlarını geri qaytarmaq iradəsinin də bariz ifadəsi idi. Lakin Füzulinin tam azadlığı üçün daha uzun illər gözləmək lazım gəldi. Otuz ilə yaxın müddətdə düşmən işğal altında saxladığı ərazilərdə çoxsaylı müdafiə istehkamları qurmuş, möhkəmləndirilmiş mövqelər yaratmışdı. Füzuli istiqamətindəki müdafiə xətlərinin yarılması hərbi baxımdan son dərəcə çətin hesab edilirdi. Buna baxmayaraq, Azərbaycan əsgərinin Vətən sevgisi, peşəkarlığı, yüksək döyüş ruhu və qətiyyəti bütün maneələri aşmağa imkan verdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına başladı. Döyüş meydanında nümayiş etdirilən qəhrəmanlıq, hərbi strategiya və xalq-ordu birliyi Azərbaycanın tarixi Zəfərini şərtləndirdi. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi bu Zəfərin ən mühüm hadisələrindən biri oldu. Həmin gün Füzuli şəhəri ilə yanaşı, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də düşmən işğalından azad edildi. Vətən müharibəsi nəticəsində rayonun ümumilikdə 62 yaşayış məntəqəsinin azadlığı təmin olundu.

Füzulinin azad edilməsi təkcə hərbi uğur deyildi. Bu, illərlə yurd həsrəti ilə yaşayan insanların qəlbində ümidin yenidən alovlanması, doğma torpağa qayıdış inamının gerçəyə çevrilməsi idi. Düşmənin möhkəmləndirilmiş müdafiə xətlərinin yarılması Azərbaycan Ordusunun gücünü və döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Füzuli istiqamətində qazanılan uğurlar sonrakı hərbi əməliyyatların gedişinə və Azərbaycanın ümumi Zəfərinə mühüm təsir göstərdi. Bu qələbə, ilk növbədə, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və hər bir Azərbaycan əsgərinin misilsiz şücaəti hesabına qazanıldı. Füzulinin azadlığı Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli həmrəyliyinin və Vətənə sonsuz məhəbbətinin təntənəsidir.

Füzuli uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzulinin azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 325 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur. Bu medal Vətənə sədaqətin, hərbi şərəfin və qəhrəmanlığın rəmzidir. O, eyni zamanda, gələcək nəsillərə Azərbaycan əsgərinin şücaətini xatırladan, müstəqilliyimizin və ərazi bütövlüyümüzün hansı fədakarlıqlar hesabına qorunub bərpa edildiyini göstərən tarixi nişanədir.

Füzulinin işğaldan azad edilməsi ilə şəhərin həyatında yeni inkişaf mərhələsi başlandı. Azərbaycan dövləti qarşısında duran əsas vəzifələrdən biri dağıdılmış şəhər və kəndlərin bərpası, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında Füzulidə genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanıldı. Şəhərin gələcək inkişaf istiqamətlərini müəyyən edən Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı 2023-cü il martın 18-də Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Baş plan şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını, yaşayış məhəllələrinin, sosial obyektlərin, nəqliyyat və kommunal infrastrukturun kompleks inkişafını nəzərdə tutur.

Füzulidə nəqliyyat infrastrukturunun qurulması da prioritet istiqamətlərdən biri olmuşdur. Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları regionun nəqliyyat əlaqələrinin genişləndirilməsinə, Qarabağın digər əraziləri ilə bağlantıların möhkəmləndirilməsinə xidmət edir. Bu yollar həm iqtisadi inkişaf, həm də əhalinin rahat və təhlükəsiz hərəkəti baxımından böyük əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş ərazilərin hava nəqliyyatı imkanlarını genişləndirən Füzuli Beynəlxalq Hava Limanı isə Qarabağın dünyaya açılan qapılarından birinə çevrilmişdir. Cəmi səkkiz ay ərzində inşa edilən hava limanının 2021-ci il oktyabrın 26-da açılması Azərbaycanın quruculuq potensialının, yüksək təşkilatçılıq imkanlarının və qısa müddətdə böyük layihələri reallaşdırmaq bacarığının əyani göstəricisidir.

Sonrakı mərhələlərdə də köç karvanları təşkil edildi, müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış ailələrin Füzuliyə qayıdışı davam etdirildi. 2026-cı il oktyabrın 1-dək Füzuli şəhərinə ümumilikdə 827 ailə, 3153 nəfər köçürülmüşdür. Bu rəqəmlər yalnız statistikanı ifadə etmir. Hər bir ailənin qayıdışı illərlə qorunub saxlanılan yurd həsrətinin sona çatması, ailə ocaqlarının yenidən tüstülənməsi və şəhərin həyatının bərpası deməkdir. Bu gün Füzulidə yeni yaşayış məhəllələri salınır, sosial infrastruktur yaradılır, təhsil, səhiyyə və xidmət sahələrinin inkişafı üçün zəruri tədbirlər görülür. Məqsəd sakinlərin yalnız fiziki olaraq doğma torpağa qayıtmasını deyil, həm də burada layiqli həyat şəraiti ilə təmin olunmasını, məşğulluq imkanlarının genişləndirilməsini və davamlı sosial-iqtisadi inkişafın formalaşdırılmasını təmin etməkdir.

Füzulinin yenidən qurulması Azərbaycanla dost və qardaş ölkələr arasında münasibətlərin möhkəmliyini də nümayiş etdirir. Bu baxımdan Özbəkistan və Qazaxıstan tərəfindən göstərilən dəstək xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb inşa edilmişdir. Müasir təhsil müəssisəsində geniş sinif otaqları, laboratoriyalar, informatika otaqları, funksional tədris məkanları, akt və idman zalları, kitabxana və yeməkxana yaradılmışdır. Məktəbin ərazisində idman və istirahət zonalarının qurulması şagirdlərin hərtərəfli inkişafı üçün əlverişli şərait formalaşdırır. 2023-cü il avqustun 23-də məktəbin açılış mərasiminin keçirilməsi Azərbaycan-Özbəkistan qardaşlığının mühüm hadisələrindən biri olmuşdur. Bu təhsil ocağı yalnız müasir məktəb binası deyil, həm də iki xalq arasında tarixi dostluğun, qarşılıqlı dəstəyin və gələcəyə yönəlmiş əməkdaşlığın rəmzidir.

Qazaxıstanın dəstəyi ilə Füzulidə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də qardaşlıq münasibətlərinin parlaq nümunəsidir. 2024-cü il martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mərkəzin açılışında iştirak etmişlər. Uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına, istedadlarının üzə çıxarılmasına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən bu mərkəz dostluq və həmrəyliyin gələcək nəsillərə ötürülməsinə töhfə verir. Bu layihələr bir daha təsdiq edir ki, Füzulinin dirçəlişi təkcə Azərbaycanın quruculuq iradəsinin deyil, həm də türk dünyasının birliyinin və qardaşlıq münasibətlərinin təzahürüdür.

Füzulinin azad edilməsindən sonra qarşıda duran mühüm problemlərdən biri ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsidir. Uzun illər işğal altında qalmış ərazilərdə basdırılmış minalar insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqla yanaşı, quruculuq işlərinin sürətinə və iqtisadi fəaliyyətin genişləndirilməsinə də mane olur. İlkin hesablamalara əsasən, Füzuli rayonunun ərazisində yüz mindən çox minanın basdırıldığı bildirilir. Bu təhlükənin aradan qaldırılması üçün minatəmizləmə tədbirləri davam etdirilir. Ərazilərin təhlükəsizliyinin təmin edilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin doğma yurdlarına qayıdışı baxımından mina probleminin həlli xüsusi əhəmiyyət kəsb edir. İşğal dövründə yaşayış məntəqələrinin, mülki infrastrukturun və tarixi-mədəni irsin dağıdılması, eləcə də mülki əhaliyə vurulmuş ziyan həmin ərazilərdə törədilmiş vandalizm aktlarının ağır nəticələridir. Bu ziyanın müəyyənləşdirilməsi, hüquqi qiymət verilməsi və müvafiq məsuliyyət məsələlərinin beynəlxalq hüquq çərçivəsində araşdırılması tarixi ədalətin bərpasının mühüm istiqamətlərindəndir.

17 Oktyabr – Füzuli Şəhəri Günü xalqımızın yaddaşında yalnız bir şəhərin azad edildiyi tarix kimi deyil, milli iradənin, dövlət qüdrətinin, sarsılmaz birliyin və tarixi ədalətin təntənəsi kimi yaşayır. Füzulinin hər qarışında Vətən sevgisinin izləri, qəhrəmanlarımızın qanı və gələcəyə inamımızın işığı var.

Füzuli azaddır, Füzuli yenidən qurulur, Füzuli yaşayır! Bu gün Füzulinin dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamı, Böyük Qayıdışın uğuru və gələcək nəsillərə ötürülən milli qürur salnaməsidir.