15 Sentyabr Bilik Günü münasibətilə Culfa rayonunda Culfa şəhər 3 nömrəli məktəbdə tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Əli Vəliyev, təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara möhkəm can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkədə təhsil sahəsinə göstərilən diqqət və qayğı, həyata keçirilən ardıcıl islahatlar nəticəsində təhsil sisteminin maddi-texniki bazası möhkəmləndirilir, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələrindən biri də müasir bilik və bacarıqlara yiyələnən, yüksək intellektual səviyyəyə malik, vətənpərvər gənc nəslin formalaşdırılmasıdır. Qeyd edilib ki, bilikli, savadlı və vətənpərvər gənc nəslin yetişdirilməsi ölkənin gələcək inkişafının əsas şərtlərindən biridir. Bu baxımdan müəllimlərin üzərinə mühüm və məsuliyyətli vəzifələr düşür. Şagirdlərin keyfiyyətli təhsil alması, onların müasir bilik və bacarıqlara yiyələnməsi, istedad və potensiallarının üzə çıxarılması diqqət mərkəzində saxlanılmalıdır.

Digər çıxışçılar - Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Əli Vəliyev, şəhid Rzayev Kənan Əbdürrəhman oğlunun anası Bahar Əhmədova, şəhid Nəcəfov Yaqub Məhəmməd oğlunun anası Xuraman Zeynallı və 3 nömrəli tam orta məktəbin direktoru Aysel Səfərova yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edərək, müasir dövrdə ölkənin davamlı inkişafının təmin edilməsində savadlı və bilikli gənc nəslin yetişdirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, şagirdlərin təhsilə və elmə olan marağının artırılması, onların hərtərəfli inkişafı və vətənpərvərlik ruhunda tərbiyə olunması gələcəkdə cəmiyyət üçün layiqli vətəndaşların formalaşmasına mühüm zəmin yaradır.

Tədbir çərçivəsində ötən tədris ilində yüksək nəticələr göstərmiş 3 şagird diplomla təltif olunub. Məktəbin birinci sinif şagirdləri 15 Sentyabr Bilik Gününə həsr olunmuş şeirlər səsləndirib.

Sonunda ilk zəng səsləndirilib və yeni tədris ilinin başlanmasına start verilib.