
15 oktyabr 2003-cü ildə Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq gələcəyini etibarlı əllərə həvalə etdi. Məhz həmin gün keçirilən prezident seçkilərində İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəni xaosdan çıxarıb sabitliyə, inkişaf yoluna yönəltmişdi. Bu böyük siyasətin varisi olan İlham Əliyev isə Heydər Əliyev yolunun ləyaqətli davamçısı kimi özünü təsdiqlədi.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu ilk gündən verdiyi mesajlar aydın və qəti idi: güclü dövlət, milli maraqlara əsaslanan xarici siyasət, xalqın rifahı və iqtisadi inkişaf əsas prioritetlər olacaq. Bu kurs müasir Azərbaycan modelinin əsasını qoydu: ənənələrə sadiq, modern dünyaya açıq, güclü və suveren dövlət.
15 oktyabr xalqın öz gələcəyinə verdiyi qərarı, dövlətçilik ənənələrinin davamlılığını və müasir Azərbaycanın yüksəliş yolunu təcəssüm etdirir. O gündən başlayan yol bu gün qalib, qüdrətli Azərbaycanın reallığına çevrilib. İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz nəinki iqtisadi və siyasi sahələrdə uğurlar qazandı, həm də 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü təmin etdi.