15 İyun Milli Qurtuluş Gününün 32-ci ildönümü qeyd olunur

Culfa Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı “Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 İyun Milli Qurtuluş Gününün 32-ci ildönümünə həsr olunmuş “Milli Qurtuluşdan İntibaha” mövzusunda birgə tədbir keçirib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elçin Məmmədəliyev, rayon Təhsil şöbəsinin müdiri, ərazi partiya təşkilatının sədri Murad Hümbətov, Dizə kənd ərazi partiya təşkilatının sədri Ədalət Əhmədov, Kırna kənd ərazi partiya təşkilatının sədri Zərnişan Məmmədzadə, Culfa rayon Rabitə idarəsi ərazi partiya təşkilatının sədri Günel Məmmədova və yeni vəsiqə alan gənc YAP üzvü Günel Seyidli çıxış edərək, 15 iyun Milli Qurtuluş Gününün xalqımız və dövlətçiliyimiz üçün tarixi əhəmiyyətindən bəhs ediblər.  

Tədbirdə məktəblilər Ulu Öndər Heydər Əliyevə və Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.