15 İyun – Milli Qurtuluş Günü münasibətilə Culfa rayonunda tədbir təşkil olunub

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində mühüm dönüş nöqtəsi kimi xüsusi əhəmiyyətə malikdir. 1987-ci ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifələrdən istefa verməsindən sonra Azərbaycana qarşı erməni millətçi dairələrinin ərazi iddiaları daha da güclənmiş, ölkəmiz mürəkkəb ictimai-siyasi proseslərlə müşayiət olunan ağır sınaqlar dövrünə qədəm qoymuşdur.

Müstəqilliyin ilk illərində ölkədə siyasi sabitliyin pozulması, dövlət idarəçiliyində ciddi nöqsanların mövcudluğu, iqtisadi tənəzzülün dərinləşməsi, separatçılıq meyillərinin güclənməsi və vətəndaş qarşıdurması təhlükəsinin artması Azərbaycan dövlətçiliyini ciddi təhdidlərlə üz-üzə qoymuşdu. Xüsusilə 1993-cü ilin ortalarında yaranmış dərin siyasi böhran və hakimiyyət boşluğu ölkənin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təhlükə altına salmışdı. Belə bir mürəkkəb və taleyüklü şəraitdə Azərbaycan xalqı ölkəni böhrandan çıxarmağa qadir yeganə siyasi lider kimi Heydər Əliyevə müraciət etdi. Xalqın və dövlət rəhbərliyinin təkidli dəvəti ilə Ümummilli Lider 1993-cü il iyunun 9-da Bakıya qayıdaraq xilaskarlıq missiyasını öz üzərinə götürdü. Onun uzaqgörən siyasi fəaliyyəti, qətiyyətli mövqeyi və zəngin dövlətçilik təcrübəsi nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərpası, dövlət müstəqilliyinin qorunması və inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Məhz bu tarixi hadisə Azərbaycan xalqının dövlətçilik ənənələrinin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından həlledici rol oynadı. Bu səbəbdən 15 İyun ölkəmizin tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur və dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir.

Azərbaycan xalqının həyatında xüsusi yer tutan bu əlamətdar tarix hər il böyük qürur və ehtiram hissi ilə qeyd edilir. Bu münasibətlə Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, onun əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Daha sonra Culfa Rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmış, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə  mədəniyyət işçilərinin hazırladıqları musiqili proqram təqdim olunmuşdur.