
AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev məhz xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Naxçıvandan Bakıya getdi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək ölkəmizi anarxiyanın məngənəsindən qurtardı. Yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edərək xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoymaqla dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Bununla da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas etməklə yanaşı sürətli inkişafın sarsılmaz təməllərini də qoydu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir və 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan edir və o vaxtdan Azərbaycan xalqı hər il iyunun 15-ni böyük təmtaraqla bayram edir və Ümummilli Lider Heydər Əliyevi minnətlə xatırlayır.
Məhz 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə bu gün Culfa Rayon Mədəniyyət Sarayında Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunmuşdur. Konsertdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, eyni zamanda rayonda fəaliyyət göstərən idarə, təşkilat, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.