15 İyun – Dövlətçiliyimizin yenidən doğulduğu gün

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Ulu Öndər Heydər Əliyev
Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin taleyində dönüş nöqtəsi olmuş, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyan bir tarix kimi yaddaşlara həkk olunmuşdur. 15 iyun tarixi təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, həm də dövlətçiliyin xilası, sabitliyin bərpası və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə səciyyələnir.
1987-ci ildə Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifələrdən istefa verməsindən sonra regionda mürəkkəb proseslər başlandı. Ermənilərin ərazi iddiaları genişləndi, Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş addımlar intensiv xarakter aldı. Sonrakı illərdə ölkədə baş verən siyasi böhranlar, hakimiyyət uğrunda mübarizə, dövlət idarəçiliyində yol verilən ciddi nöqsanlar, separatçılıq meylləri və hərbi uğursuzluqlar Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
1993-cü ilin iyununda vəziyyət son dərəcə gərgin idi. Dövlət institutları iflic vəziyyətinə düşmüş, vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Belə bir ağır şəraitdə xalq öz xilaskarını – böyük dövlət xadimi Heydər Əliyevi yenidən siyasi hakimiyyətə dəvət etdi. Xalqın çağırışına cavab verən Ulu Öndər 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və ölkənin taleyini öz üzərinə götürdü.
İyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkədə yeni mərhələnin əsası qoyuldu. Məhz həmin gündən Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. Sonrakı illərdə hüquqi dövlət quruculuğu prosesi sürətləndirildi, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu, nizami ordu formalaşdırıldı, iqtisadi islahatlar həyata keçirildi və Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. “Əsrin müqaviləsi”nin imzalanması, yeni Konstitusiyanın qəbulu, demokratik təsisatların formalaşdırılması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi Azərbaycanın gələcək uğurlarının əsasını təşkil etdi.
Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlamışdır. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə Heydər Əliyev ideyalarının və dövlətçilik strategiyasının təntənəsi kimi tarixə yazılmışdır.
Bu gün Milli Qurtuluş Günü xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd olunur. Çünki 15 İyun Azərbaycanı xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə, ümidsizlikdən inkişafa aparan tarixi dönüş nöqtəsidir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onun ideyaları müstəqil Azərbaycanın gələcək inkişafına bundan sonra da işıq salacaqdır.
Milli Qurtuluş Günü bir daha sübut edir ki, güclü liderlik, xalqın birliyi və dövlətçilik ənənələrinə sədaqət hər bir millətin inkişafının əsas təminatıdır.