14 iyul 1969-cu il Azərbaycanın inkişafının və güclü dövlətçiliyinin əsaslarının qoyulduğu gündür

14 iyul 1969-cu il Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək, ölkə rəhbərliyinə gəldi. Bu tarix Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklərin başlanğıcı kimi dəyərləndirilir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkənin bütün sahələrində əsaslı islahatlara start verildi, xalqın gələcəyinə ümidlər artdı.

1960-cı illərin sonlarında Azərbaycan SSR bir çox sahələrdə geriləmə yaşayırdı. İqtisadi durğunluq, korrupsiya halları, sosial problemlər və milli kadr siyasətindəki boşluqlar ölkənin inkişafına mane olurdu. Elə bir məqamda Heydər Əliyevin rəhbərliyə gəlməsi cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Onun rəhbərliyi ilə sənaye və kənd təsərrüfatı sahəsində əsaslı islahatlar aparıldı, yeni müəssisələr yaradıldı, yerli milli kadrların hazırlanması istiqamətində ciddi addımlar atıldı. Bakı və regionlarda çoxsaylı məktəblər, mədəniyyət ocaqları, səhiyyə müəssisələri tikildi, şəhərsalma və infrastruktur layihələri geniş vüsət aldı.

Heydər Əliyevin fəaliyyəti dövründə Azərbaycanın milli dəyərlərinə, tarix və mədəniyyətinə xüsusi önəm verildi. Azərbaycan dilinin statusunun möhkəmləndirilməsi, ədəbiyyat və incəsənət xadimlərinə göstərilən diqqət milli ruhun yüksəlməsində mühüm rol oynadı.

Heydər Əliyev öz dövrünü qabaqlayan, uzaqgörən siyasətçi idi. Onun SSRİ rəhbərliyində - Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunda təmsil olunması Azərbaycan üçün tarixi əhəmiyyət daşıyırdı. Bu mövqedən istifadə edərək respublikaya çoxsaylı investisiyalar cəlb etdi, minlərlə azərbaycanlının ittifaq miqyasında vəzifələrə irəli çəkilməsinə şərait yaratdı.