12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi

milli ənənələrə söykənərək, bu günün reallıqlarını,

dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”

        Ulu Öndər Heydər Əliyev

 

“Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin

qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış

Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun

yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik

ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək

demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün

möhkəm təməl yaratmışdır.” 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya

Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik,

dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi

təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın

Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olduğundan dövlətin ali hüquqi sənədi olan Konstitusiyanı qəbul etmək imkanı əldə etməmişdir. Bu baxımdan Azərbaycanın konstitusiya tarixinin formalaşması Sovet hakimiyyəti dövrünə təsadüf edir.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da keçirilən I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. SSRİ-nin yaradılması ilə bağlı olaraq 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında həmin Konstitusiyaya müəyyən əlavə və dəyişikliklər edilmişdir. Daha sonra, 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyası təsdiqlənmişdir. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra Azərbaycan SSR-in də əsas qanunu yenilənmiş, 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayında yeni Konstitusiya qəbul olunmuşdur.

SSRİ-də 1977-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycan SSR-də də konstitusiya islahatlarının aparılmasını zəruri etmişdir. Nəticədə 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in növbəti və sonuncu Konstitusiyası qəbul edilmişdir. Bu sənədin hazırlanması prosesində Ümummilli Lider Heydər Əliyevin xüsusi tarixi xidmətləri olmuşdur. Belə ki, 1978-ci il aprelin 2-də Konstitusiya layihəsinin müzakirəsi zamanı Ali Sovetdə çıxış edən Heydər Əliyev böyük siyasi cəsarət nümayiş etdirərək Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasını təklif etmişdir. Onun qətiyyətli mövqeyi nəticəsində Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili olduğu rəsmiləşdirilmişdir. Həmin Konstitusiya müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edilənədək qüvvədə qalmışdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə əsaslanan yeni Konstitusiyanın hazırlanması zərurəti yaranmışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Əsas Qanununun layihəsi hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmişdir. Referendumda seçicilərin 86 faizi iştirak etmiş, səsverməyə qatılanların 91,9 faizi Konstitusiyanın lehinə səs vermişdir. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə minərək müstəqil dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən demokratik və hüquqi dövlət quruculuğunun qabaqcıl prinsipləri əsas götürülmüşdür. Sənəddə insan hüquq və azadlıqlarının qorunması, hakimiyyət qollarının təşkili, dövlət idarəçiliyinin hüquqi əsasları və demokratik cəmiyyətin inkişaf istiqamətləri müəyyən edilmişdir. Eyni zamanda, ölkənin hüquq sistemində yeni institusional mexanizmin – konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasının hüquqi əsası qoyulmuşdur. Konstitusiya müstəqil dövlət quruculuğunun əsas istiqamətlərini müəyyən edən, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə islahatların həyata keçirilməsinə hüquqi zəmin yaradan fundamental sənəd kimi mühüm əhəmiyyət daşıyır.

Konstitusiyanın milli dövlətçilik tarixindəki əvəzsiz rolunu nəzərə alaraq, Ümummilli Lider Heydər Əliyevin 1995-ci il dekabrın 15-də imzaladığı Fərmanla noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü elan edilmişdir.

Ölkənin inkişafı, cəmiyyətdə baş verən dəyişikliklər və yeni ictimai-siyasi tələblər Konstitusiyanın müasir dövrün reallıqlarına uyğunlaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə Əsas Qanuna müxtəlif vaxtlarda referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmişdir.

İlk konstitusiya dəyişiklikləri 2002-ci il avqustun 24-də keçirilən referendumla həyata keçirilmiş, sənədin 24 maddəsinə 29 dəyişiklik edilmişdir. 2009-cu il martın 18-də baş tutan növbəti referendum nəticəsində isə Konstitusiyanın 25 maddəsinə 30-dan artıq əlavə və dəyişiklik olunmuşdur. Həmin yeniliklər dövlətin sosial-iqtisadi inkişafının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, eləcə də sosial dövlət prinsiplərinin daha geniş şəkildə tətbiqi baxımından əhəmiyyət kəsb etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilən referendum Konstitusiyanın təkmilləşdirilməsi istiqamətində növbəti mühüm mərhələ olmuşdur. Bu referendumla Əsas Qanunun 29 maddəsinə 41 əlavə və dəyişiklik edilmişdir. Dəyişikliklər dövlət hakimiyyəti və məhkəmə orqanlarının, həmçinin bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini, bu sahədə dövlət və bələdiyyə qurumlarının məsuliyyətinin artırılmasını nəzərdə tutmuşdur.

2016-cı il referendumunun mühüm yeniliklərindən biri də dövlət idarəçiliyi sistemində Birinci vitse-prezident vəzifəsinin təsis edilməsi olmuşdur. Bu institutun yaradılması dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, hakimiyyət strukturlarının fəaliyyətində çevikliyin və funksional səmərəliliyin artırılması baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi dayağı, milli suverenliyimizin və demokratik inkişafımızın əsas təminatıdır. Tarixi inkişaf mərhələlərində əldə edilmiş təcrübə və aparılmış konstitusiya islahatları bu mühüm sənədin dövlətin və cəmiyyətin dəyişən tələblərinə uyğun təkmilləşdirilməsinə xidmət etmişdir.